BMT Baş Assambleyasının sədri: iqlim məsələlərinə dair sammit siyasi əzmkarlığın səfərbər olunmasına kömək edəcək


BMT Baş Assambleyasının sədri: iqlim məsələlərinə dair sammit siyasi əzmkarlığın səfərbər olunmasına kömək edəcək
İqlim dəyişmələrinə qarşı mübarizədə qazanılmış müəyyən uğurlara baxmayaraq bu sahədə hələ görülməli işlər çoxdur.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, Baş Assambleyanın sədri Mariya Fernanda Espinosa bu fikri Baş Assambleyanın iqlim məsələlərinə dair qarşıdakı sammitinə həsr olunmuş iclasda söyləyib.

O vurğulayıb ki, əgər beynəlxalq birlik iqlim dəyişmələrinə qarşı mübarizə üzrə fəaliyyətini yaxın vaxtlarda gücləndirməsə, Paris Sazişində qarşıya qoyulmuş məqsədlərə nail ola bilməyəcək.

Espinoza deyib: “UNEP-in (BMT-nin Ətraf Mühit Proqramı) 2018-ci ildə istixana qazları tullantılarına dair hesabatında əks olunmuş məlumatlara görə biz Paris Sazişində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün indikindən beşqat çox iş görməliyik. İndi biz yol ayrıcındayıq və 2019-cu il müstəsna əhəmiyyət kəsb edəcək”.

Baş Assambleyanın sədri qeyd edib ki, iqlim məsələlərinə dair sammit Paris Sazişinin həyata keçirilməsi üçün siyasi əzmkarlığın səfərbər edilməsində çox mühüm rol oynayacaq. Espinoza cari ildə nəzərdə tutulan bir mühüm hadisəni də xatırladıb: “İyun ayında Birləşmiş Ərəb Əmirliklərində iqlim məsələlərinə dair konfransda Baş Assambleyanın qarşıdakı sammitinin gündəliyi, habelə qətnamələrin qaralama variantları hazırlanacaq.

Xatırladaq ki, Baş Assambleyanın iqlim məsələlərinə dair sammiti bu il sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək. Həmin görüşdə bərpa olunan enerji mənbələri, iqlim dəyişmələrinin təsirinin azaldılmasına yönəlmiş tədbirin maliyyələşdirilməsi, karbon qazına görə vergilər, sənaye emissiyalarının azaldılması mövzuları müzakirə ediləcək.